Beş sənətkar müasir toxunuşlarla qədim sənətkarlıq sahələrinin Azərbaycanda yenidən canlanması məqsədilə zəngin ənənələrə sahib sənət sahələri üzrə necə ustalaşdıqları barəsində öz hekayə və məsləhətlərini bizimlə bölüşdülər.
Füzuli Əlizadə, şəbəkə sənəti
Ənənələr insan həyatında çox böyük əhəmiyyətə malikdir. Bəzən insanın gələcək həyat yolunu elə ailə ənənələri müəyyən edir. Zərgərlik sənətinə, atam bu işlə məşğul olduğundan, onun istəyi ilə gəlmişdim. Zərgərliklə məşğul olduğum 10 ildə işimin sözün əsl mənasında vurğunu olmuşam. Əvvəlcə özümü zərgərliyin qaş bərkitmə növündə sınadım. Daha sonra şəbəkə sənətinə meyl göstərdim. Bu sənətin incəliyi, Azərbaycan şəbəkəsinin incəliyi və ideallığı məni həmişə cəlb etmişdi. Azərbaycan mədəniyyətinə ithaf olunmuş “Muğam üçlüyü” - tar, kaman və qaval ekspozisiyası, “Neft mancanağı” kimi mürəkkəb əsərlərimi özümə inamım və bu sənətə olan sevgim sayəsində ərsəyə gətirə bilmişəm. Hazırda azad edilmiş torpaqlarımızdakı tarixi abidələrin şəbəkə üslubu ilə hazırlanmasından ibarət olan layihə üzərində işləyirəm.
Məqsədim bu abidələrin əbədiləşdirilməsi, onlar haqqında xatirələrin gələcək nəsillərə ötürülməsi, Azərbaycan tarixi abidələrinin dünya səviyyəsində təbliğ edilməsidir.
Gələcəkdə Azərbaycanı başqa ölkələrdə keçirilən sərgilərdə təmsil etmək, şəbəkə üslubunda yaratdığım əsərləri beynəlxalq auditoriyaya təqdim etmək, bu sahədə beynəlxalq ad qazanmaq istəyirəm.İstənilən sənətin inkişaf etməsi üçün onun təkmilləşdirilməsinə, tələbata uyğunlaşdırılmasına və ən vacibi yeni istedadlar və peşəkarlara ehtiyacı var. Zərgərlik sənəti ilə məşğul olmaq arzusunda olan gənclərə işlərinə səbirlə yanaşmağı, uğur qazanacaqlarına inanmağı tövsiyə edirəm.
Aynur Salamzadə, ağac materialların tərtibatı üzrə dizayner
İşlədiyim sahə taxta dizaynı və istehsalıdır. Fikrimcə, məşğul olduğunuz işin, sözün əsl mənasında, peşəkarı olmaq üçün daima təhsil almaq və inkişaf etmək böyük əhəmiyyətə malikdir. Ağac materialların emalından başlayaraq hər hansı məhsulun dizayn edilməsi, üzərinə naxışlar vurulması və hazır vəziyyətə gətirilib təhvil verilməsinə qədər bütün mərhələləri həyata keçirirəm. Məhsulun dizaynını hazırlayarkən materialın gümüş və sədəflə bəzədilməsi də nəzərə alınır.
İncəsənətin bu sahəsini seçməyimdə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin böyük rolu olub. Rəssamlıq Akademiyasında Bakalavr və Magistr dərəcəsi aldıqdan sonra, bu mərkəzə tələbə qəbulu haqqında məlumat aldım. Bir sıra seminarlarda iştirak etdikdən sonra bura 3 illik təhsilə dəvət olundum. Təhsil müddətində taxta, batika, zərgərlik və keramika ixtisasları üzrə təlimlərdən keçdim və sonuncu ildə “Taxta dizaynı və istehsalı” ixtisasını seçdim.
Hazırda SABAH kurslarında “Həndəsə və taxta dizaynı və istehsalı” fənnindən dərs deyirəm. Son zamanlar Azərbaycanın siyasi-iqtisadı xəritəsinin üzərində işləyirəm. Bu layihə çərçivəsində Azərbaycanın hər bir bölgəsini bu bölgəyə xas olan tarixi memarlıq abidələrinə və rəng ünsürlərinə uyğun olaraq təqdim edirəm.
Taxta sənəti və ümumiyyətlə incəsənətlə məşğul olmaq arzusunda olan gənclərə ilk növbədə gördükləri işə sevgi ilə yanaşmağı, təmkinli və hövsələli olmağı tövsiyə edirəm.
Bəzən bir əsərin ərsəyə gəlməsi üçün 3-5 il vaxt, zəhmət və düşüncə gücü tələb olunur, bunu işinizi sevmədən etməyiniz mümkün deyil.
Ruslan Hüseynov, usta qələmkar
Qələmkarlıq sənəti Səfəvilər dövründən XIX əsrin sonları - XX əsrin əvvəllərinə kimi xüsusi olaraq geniş yayılmış incəsənət sahələrindən biri olub. Bu incəsənət forması rəngli boyanın oyma və ağac möhürlər vasitəsilə xüsusi olaraq hazırlanmış kətan parça üzərinə çəkilməsi ilə tekstil məmulatlarının hazırlanmasından ibarətdir. Azərbaycanda qələmkarlıq Naxçıvan, Bakı, Şamaxıda geniş yayılmış və məişət əşyalarının, həmçinin geyim məmulatlarının hazırlanmasında istifadə edilmişdir. Bu parça növü əsasən geyimlərin astarında, pərdə, süfrə, yastıq üzlərinin hazırlanmasında istifadə edilib. XX əsrin əvvəllərindən başlayaraq bu sənət növü süquta uğrayıb.
Təsisçisi olduğum FR Collection brendinin XVIII-XX əsrin əvvəllərinə aid 4000-dən artıq muzey əhəmiyyətli Azərbaycan milli geyimlərindən ibarət kolleksiyası var. Bu geyimlərin əksəriyyətinin astarı qələmkarlıq üslubu ilə hazırlanmış tekstil nümunələrindəndir. Brendimizin həyata keçirdiyi araşdırma çərçivəsində qələmkarlıq sənətini öyrənməyimiz bizi bu sənəti müasir həyatda, modada necə istifadə edə və sevdirə biləcəyimiz haqqında düşündürdü. Və bu araşdırma nəticəsindən qələmkarlıq texnikasından istifadə edərək bomberlər, paltolar, çantalar, kitabçalar, ayaqqabılar istehsal etməyə başladıq.
Hazırda gələn il çıxması planlaşdırılan “Nəsimi” adlı yeni kolleksiya üzərində işləyirik. Kolleksiyaya daxil olan geyimlər qələmkari parçalardan istehsal olacaq. Eyni zamanda yeni ayaqqabı kolleksiyası üzərində çalışırıq.
Qeyd etməliyəm ki, tekstilin bu üsulla hazırlanması və bişirilməsi çox çətindir. Parçalar istifadə edilib yuyulduqdan sonra rəngini itirməməsi üçün buxarda bişirilməlidir. Gələcəkdə Bakıda bu məqsədlə qələmkari tekstilin hazırlandığı, həmçinin bu tekstildən məişət və geyim əşyalarının kütləvi şəkildə istehsal edildiyi karxana açmağı planlaşdırırıq.
Tekstil sahəsinə gələn gənc mütəxəssislərin işinin əsl peşəkarı olması üçün ilk növbədə geyim tariximizi dərindən bilməsi lazımdır.
Yalnız Azərbaycanın qədim ornamentlərini, istehsal texnikalarını və tekstil tarixini öyrəndikdən sonra bu yola çıxmağınızı tövsiyə edirəm.
Ağasadıq Süleymanov, xalça toxuma üzrə təlimçi
Azərbaycan xalçaçılıq sənəti xalqımızın əsrlərdən yadigar qalmış töhfəsidir. Xalçaçılıq sənəti texnika baxımından iki hissəyə – xovlu və xovsuz xalça məmulatlarına bölünür. Xovsuz xalçalar xovlulardan öncə yaranmış və məişətimizdə geniş istifadə olunmuşdur. Xovlu xalçaların yaranması metalın yarandığı dövrə təsadüf edir. Azərbaycanda ilk xalça muzeyi 1967-ci ildə xalçaçı rəssam, Dövlət Mükafat Laureatı Lətif Kərimovun təşəbbüsü ilə yaradılmışdır.
Lətif Kərimovun fəaliyyəti, yaradıcılığı və müəllifi olduğu 3 cildlik Azərbaycan Xalçaları kitabı Azərbaycan xalçaçılıq tarixi üçün böyük inqilab olub və mənim də bu sahəyə gəlməyimdə böyük rol oynayıb.
Xalçaçılıq sənətinə bir elm kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” fakültəsində “Bədii toxuculuq və xalça sənəti” kafedrasından olan güclü biliyə malik, istedadlı ustadlardan, xalq rəssamlarından dərs alaraq yiyələnmişəm.
Hazırda “ASMART Creative Hub" Yaradıcılıq Mərkəzində xovlu və xovsuz xalça növləri ilə bağlı müxtəlif təlim layihələri üzərində işləyir və biliklərimi növbəti nəslə layiqincə ötürməyə çalışıram. Təhsilimi davam etdirmək, daim öyrənmək və öyrətmək arzusundayam. Xalçaçılıq sahəsində çalışmaq istəyən gənc sənətkarlara elmi biliklərə dərindən yiyələnməyi, xalçaçılıq tarixini, Azərbaycanın qədim xalçaçılıq texnikalarını öyrənməyi və bu yolda əzmlə işləməyi tövsiyə edirəm.
Sabiha Xankişiyeva, keramika sənətkarı və Sabikhan markasının yaradıcısı
Qədim tarixə malik olan keramika sənəti hazırda daha çox əl işi həvəskarlarına xitab edir. Məhsullarımız daha çox milli, ənənəvi və müasir ruhda hazırlanmış və eksklüziv dizayna malik olan yemək, çay dəsgahları və vazalardan ibarətdir.
Keramika sənəti ilə 13 ildir məşğulam. Daha öncə Rəssamlıq Akademiyasında Keramika sənəti üzrə bakalavr və magistr təhsili almışam. Sonra Şahzadə Çarlz adına Ənənəvi Incəsənət Mərkəzində 3 il təhsil almışam. Təhsilimi tamamladıqdan və bu sahədə müəyyən müddət fəaliyyət göstərdikdən sonra Sabikhan brendinin əsasını qoymuşam. Biz hər bir müştəriyə individual yanaşaraq onun zövqünə uyğun eksklüziv dizaynlar yaradırıq.
Hazırda yeni kolleksiya və məhsul çeşidimizin daha da genişləndirilməsi üzərində işləyirik. Eyni zamanda mərkəzimizdə bu sənətə yiyələnmək istəyənlər və bu sənəti sevənləri bir araya gətiririk. Məqsədimiz Azərbaycanda keramika sənətini daha çox inkişaf etdirməkdir.
Bu sahəyə gəlmək istəyən gənclərə tövsiyəm özlərini ilk növbədə dizayn sahəsində inkişaf etdirmələri və özlərinə inanmalarıdır. Əmin ola bilərlər ki, bu sənəti davam etdirmək arzusundadırlarsa, bu məqsədlərinə şəksiz çatacaqlar.
Keramika sənəti çox dərin və mürəkkəbdir, burada uğura nail olmaq üçün öz üzərlərində səbirlə çalışmaları və keçəcəkləri yolun uzun olduğunu bilərək durmadan irəliləmələri çox vacibdir.