VÜSALƏ BABAYEVA, BRITISH COUNCIL-IN "ARQONAVTLAR" RƏQS TAMAŞANIN İŞTİRAKÇILARDAN BİRİ, İNKLÜZİV TAMAŞALARIN VACİBLİYİ, YARADICI ÖZÜNÜİFADƏ VƏ LAZIM OLAN EMOSİYALARI SÖZLƏRİN KÖMƏYİ OLMADAN VERMƏK BACARIĞI HAQQINDA HEYAKƏSİNİ PAYLAŞIR.
Mən rəqs praktikaları ilə çoxdan maraqlanıram və uşaqlıqdan rəqs etməyi arzu edirdim. Uşaqlıqda bütün tədbirlərdə iştirak edirdim, Bakıda rəqs dərslərinə gedirdim və həmişə daha çox şeyə nail olmağı arzu edirdim. "Unlimited: Limitsiz Addımlara Doğru" proqramına 2018-ci ildə qoşuldum. Mən onda beynəlxalq teatr konfransının açılışı olan rəqs-tamaşada iştirak etmişdim. Sonra məni "Arqonavtlar" performansı üçün kastinqə dəvət etdilər və mən seçildim. Demək istəyirəm ki, əvvəlki tamaşa asan deyildi, lakin "Arqonavtlar"dan qat-qat sadə idi. Burda antik mifologiyadan tutmuş həyat hekayələrimizə qədər bir çox süjetlər bir araya gəlir, rəqs elementlərinin müxtəlifliyi insanı özünə heyran edir.
Yaradıcı prosesi Britaniyadan olan peşəkarlar Ben Dyuk, Cemayma Hoadli, Velli O’Brayen idarə edirdi. "Arqonavtlar"ın komandasında dörd ölkədən olan 10 iştirakçı vardı. Kollektiv çox səmimi və mehriban idi.
Mən komandanın eşitmə məhdudiyyəti olan yeganə üzvü idim. Belə vəziyyətdə hamı ilə dil tapmaq çox çətindir! Birinci dəfə layihəyə gələndə beynim durmadan işləyir, partlayırdı, çox həyəcanlı idim! Qarşımızda fərdi və kollektiv tapşırıqlar dururdu. Mən başqalarına və onların tapşırıqları necə yerinə yetirməsinə baxır və yaradıcı prosesə yeni bir şey qatmağa çalışırdım. Zamanla hər şey asanlaşdı, hamımız tanış olduq və dostlaşdıq. Biz bir-birimizi bir baxışdan anlayan, təbəssümlə görüşən komandaya çevrildik. Uşaqlar jest dilini öyrənir və bərabər şəkildə ünsiyyətdə olmağa çalışır.
Mən jest dilində mahnı ifa edirəm. Bu zaman ətrafımda baş verənləri eşitmirəm. Jestlərim ideya və süjetə uyğun olmalıdır. İnsanlar bu jestlərdən vəziyyəti və şəraiti hiss etməlidir. Məqsəd hərəkətlərimi "verballaşdırmaq", lazım olan emosiyaları sözlərin köməyi olmadan verməkdir. Mahnı çox ciddi və çətindir, yəni jestlər də yumşaq və süzgün yox, daha sərt və dramatik olmalıdır.
Səhnə böyük zəiflik və eyni zamanda inanılmaz azadlıqdır. Bir az utancaqlıq, bir az qorxu hiss edirsən. Özünü ələ almalı olduğunu düşünürsən... Digər tərəfdən, yaxınlarımın və dostlarımın dəstəyi mənə qanad verir. Onlar mənimlə fəxr edir, mənə heyranlıqlarını bildirir, mənə görə narahat olurlar. Hər şeyi yaxşı edəndə, bu, tamaşaçıya sevinc, aktyorlara isə məmnunluq və heç nəyin əbəs yerə olmadığı hissini gətirir.
Bu cür çıxışların istənilən ölkənin sakinlərinin mədəni təfəkkürü üçün vacibliyini şişirtməmək çətindir. Bu, əlilliyi olan insanların ictimai və mədəni həyatda aktiv şəkildə iştirak edə biləcəyini təsdiq edən daha bir amildir. Bəli, mən eşitmirəm, amma oxuyuram. Eşitmə məhdudiyyətli insanlar rəqs edə bilər. Edə biləcəyimiz ən pis şey dayanmaq, evdə oturmaq və özünü eşitmə məhdudiyyətinə həbs etməkdir.
Arzularınızı həyata keçirin, cəsur olun, hər imkandan yararlanın. Eşitmə məhdudiyyətli insanların hansısa şəkildə "başqa cür" olduğunu düşünməyin. Biz hamı kimiyik. Üstəlik, bizim məlumatı paylaşmağımıza kömək edə biləcək tərcüməçilər də var. Eşidib eşitməməyindən asılı olmayaraq, hər şeyə nail olmaq mümkündür. Sadəcə istək lazımdır.
Mən buradayam və yoluma davam edəcəyəm! Mən yaradıcılıqla məşğul olmağa, inklüziv rəqs praktikalarını təbliğ etməyə, əlilliyi olan və olmayan sənətkarlarla aktiv əməkdaşlıq etməyə, dünyanın müxtəlif ölkələrindən olan eşitmə məhdudiyyətli dostları dəstəkləməyə və onları bu məhdudiyyətə rəğmən, hərtərəfli şəkildə inkişafa həvəsləndirməyə davam etmək niyyətindəyəm. Geri çəkilmək fikrim yoxdur!