2019-cu ildə British Council Birləşmiş Krallığın universitetləri, habelə Azərbaycanda sənətkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlar arasında tərəfdaşlar tapmaq üçün açıq müsabiqə elan etdi və o vaxtdan Azərbaycanın altı, Birləşmiş Krallığın iki incəsənət təşkilatının dəstəyini əldə etdi.
Ousta layihəsi
Biz Plymouth İncəsənət Kolleci ilə birlikdə Crafting Futures proqramının iki istiqamətini hazırlamışıq. Birinci istiqamət formal təhsil sistemi çərçivəsində sənətkarlıq və yaradıcı təcrübələr üçün "universal dizayn modulu"nun hazırlanmasıdır. Bu modul proqramın həyata keçirildiyi ölkələrdəki həmkarlarımızın dövlət səviyyəsində qəbul etməsi üçün irəli sürüləcək. Bundan sonra sənətkarlıq sektorunun xüsusi aspektlərinin rəqəmsal inkişafının araşdırıldığı tədqiqat həyata keçiriləcək və bu, müvafiq sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə istiqamətlənmiş tədbirlərlə müşayiət olunacaq.
İkinci istiqamət hazırda yeni formalaşan ev və icma əsaslı təlimə xüsusi maraq göstərilməsi ilə Azərbaycanda informal və formal sektorlarda fərqli mədəniyyətlərə xas pedaqoji təcrübələrin araşdırılması məqsədilə üç illik tədqiqat layihəsinin həyata keçirilməsidir.
Real to Reel film nümayişləri
Memarlıq, Dizayn və Moda komandası, Crafts Council, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, və Dövlət Turizm Agenliyi ilə əməkdaşlıq edən "Reallıqdan Ekrana" (Real to Reel) qastrol proqramında Birləşmiş Krallığın sənətkarlıq və hərəkətli şəklə həsr edilmiş ilk festivalı olan "Reallıqdan Ekrana: Sənət Filmi Festivalı"nda (Real to Reel: The Craft Film Festival) ekrana çıxmış Britaniya qısametrajlı filmləri vurğulanır. Bu fərqli film seçimləri mövzu, texniki tərtibat və ya istifadə edilən materiallar baxımından sənət və dizayna həsr edilib.
Bu filmlərdə bizim materiallar və yaradılış prosesi ilə münasibətimiz araşdırılır. Proqram özündə sənədli filmləri, sənətkar profillərini və əllə hazırlanmış animasiyaları birləşdirir və sənət aləmini bütün rəngarəngliyi ilə əks etdirir.
Dayanıqlı inkişaf
Proqram Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğunlaşdırılmışdır:
- SDG4: Bacarıqların, sahibkarlığın inkişaf etdirilməsi və sənətkarlığın yaradıcılıq xüsusiyyətlərinin təkmilləşdirilməsi üçün təhsil və təlim. Tədqiqat və alət dəstləri beynəlxalq səviyyədə bilik və təcrübə mübadiləsini təmin edir.
- SDG5: Qadın sənətkarlar və icmalar iqtisadi baxımdan güclənir və daha yüksək qiymətləndirilir;
- SDG8: Gənclərin sahədə iştirakı hərtərəfli və inklüziv inkişaf naminə layiqli əmək üçün yaradıcılıq və innovasiyalara vüsət verir;
- SDG10: Köhnə və yeninin, əllə hazırlanmış və rəqəmsal əsərlərin, kənd və şəhərin, mədəni və iqtisadi amillərin birləşdirilməsi - hər kəs və hər şey üçün bərabərliyin təmin edilməsi ilə bərabərsizliyin azaldılması.
- SDG12: Ekoloji dayanıqlılıq və dövri dizayn üçün dayanıqlı və etik istehsal və istehlakı təşviq edir;
- SDG17: Bütün layihələr beynəlxalq tərəfdaşlıq və müştərək mübadilələr vasitəsilə həyata keçirilir.