2020-2021-ci akademik tədris ilində Birləşmiş Krallığın universitetlərinə qəbul olan beynəlxalq tələbələr təhsillərini başa vurduqdan sonra iş tapmaq üçün iki il müddətində burada qala biləcəklər.
Bakalavr, yaxud daha yüksək dərəcəni uğurla tamamlamış beynəlxalq tələbələr yeni məzunlar üçün nəzərdə tutulmuş bu proqramın təqdim edilməsindən sonra ona müraciət edə biləcəklər. Müraciət prosesi mümkün qədər sadə olacaq və namizədlər cinayət fəaliyyəti, şəxsiyyət və təhlükəsizliklə bağlı yoxlanışlardan keçəcək. Bütün namizədlər ölkə daxilində olmalı və müəyyən məbləğ ödəməlidirlər.
Yeni məzunlar üçün proqrama qəbul olunan bütün tələbələr iki il müddətində (uzadılmaması şərtilə) ölkədə qala biləcəklər. Onlar bu müddət ərzində istənilən səriştə səviyyəsinə uyğun işdə çalışa, yaxud iş axtara biləcəklər, lakin dövlətin büdcə vəsaitlərindən istifadə edə bilməyəcəklər və bu müddət onların ölkədə yerləşmə hüququ qazanması üçün tələb olunan müddətə əlavə olunmayacaq. Məzunlar həmçinin səriştələrinə uyğun iş tapan kimi əvvəlki işlərini dəyişə biləcəklər.
Daha ətraflı məlumat əldə etmək üçün Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin nəşr etdiyi icmal sənədi səhifənin aşağısında göstərilən linkdən yükləyə bilərsiniz (ingilis dilində).