British Council Şotlandiyanın Peatbog Faeries adlı musiqi qrupunun 19 sentyabr 2015-ci il tarixdə Bakıda konsert təşkil edəcəyini məmnunluqla elan edir. Tədbir British Council tərəfindən Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqla “Avropa Şəhərciyi 2015” festivalı çərçivəsində təşkil edilir.
Skay adasından gələn Peatbog Faeries qrupu Kelt rəqs musiqisi intibahının rəmzi lideri hesab olunur. Caz, hip hop, reqqi və digər janrlar vasitəsilə ənənəvi kelt rəqs və yallı hərəkətlərindən təsirlənən saysız-hesabsız məftunedici rəqslər ənənəvi Şotlandiya musiqisindən ilham alır və ona yeni nəfəs və çalar gətirərək 21-ci əsrə daşıyır. Onlar ixtiraçı və təkraredilməz yanaşma ilə öz tamaşaçılarına daim ənənəvi Şotland musiqisinin həqiqi ləzzətini çatdırır.
Peatbog Faeries öz ixtiraçı və təkraredilməz musiqilərini və işıq şoularını Avropa Festivallarından tutmuş Asiya, Amerika, Kanada və Avstraliyaya kimi bütün məkanlarda nümayiş etdirmişlər. Onlar bu dəfə Bakıya təşrif buyurur və buradakı izdihamı heyrətə gətirmək istəyirlər. Qrup üzvləri - Peter Morrison (tütək və fitlər), Ross Couper (skripka), Tom Salter(gitara), Innes Hutton (bas, zərb) Graeme Stafford (sintezator) və Stuart Haikney-dir(baraban).
Konsert saat 19:00-da İçərişəhərdə Avropa Şəhərciyi çərçivəsində baş tutacaq.
Hər kəs təşrif buyura bilər. Giriş ödənişsizdir.
Bu sizin daha əvvəl heç vaxt eşitmədiyiniz əsrarəngiz Kelt rəqs musiqisidir. Gəlin və bizimlə birlikdə dünyada populyar olan musiqi janrından həzz alın!
Əlavə məlumat üçün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin veb və ya Facebook səhifəsinə daxil ola bilərsiniz. Tədbir barədə sualınız olarsa Dilarə İbrahimova ilə əlaqə saxlamağınız xahiş olunur.