British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzi ilə birlikdə ikinci Britaniya Film Baharı festivalı 2016-cı il 25-30 aprel tarixlərində keçiriləyini böyük qürurla elan edir. Bu festival çərçivəsində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri hər il Azərbaycanda nümayiş olunur.
Bakıda festival Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan "Bruklin" tarixi dramının premyerası ilə açılacaq. Hadisələri 1952-ci ildə cərəyan edən film gənc irland qadınının Bruklinə immiqrasiya etməsindən və burada ani bir məhəbbət macərası yaşamasından bəhs edir. Çox keçmir ki, o, vətəninə qayıtmalı olur. Burada yeni bir eşqə düşür və iki qitə və kişi arasında dramatik seçim qarşısında qalır. Bu film bu il üç kateqoriya üzrə Oskar mükafatına nominasiya edilib.
Bu il festival çərçivəsində 6 film nümayiş olunacaq. Bu filmlər arasında Kolm Toybinin romanı əsasında çəkilmiş "Bruklin", baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi kimi festival hitlərinin adını çəkmək olar.
Festivalın proqramını diqqətinizə çatdırırıq:
25 aprel 20:00 - “Bruklin”
26 aprel 14:30 - "Furqondakı ledi"
26 aprel 18:30 - "Mister Homs"
27 aprel 14:30 - "Lobster"
27 aprel 18:30 - "45 il"
28 aprel 14:30 - "Mister Homs"
28 aprel 18:30 - "Mənə qulaq as Marlon"
29 aprel 18:30 - “Bruklin”
30 aprel 14:30 - "45 il"
Festivalda göstəriləcək filmlər "Nizami" Kino Mərkəzində rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək. Biletlərin qiyməti 2 manatdır. Biletləri "Nizami" Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.