"Candoco" rəqs ansamblı "Lost Dog" müasir rəqs və teatr şirkətinin əməkdaşlığı və "British Council"ın dəstəyi ilə "British Council"ın dörd illik "Unlimited: Limitsiz Addımlara Doğru" proqramının yekun ştrixi olacaq "Arqonavtlar" (The Argonauts) tamaşasını təqdim edir. Proqram seminarlar, təhsil forumları və canlı ifalarla əlilliyi olan aktyorların Cənubi Qafqaz və Ukraynada peşəkar incəsənət səhnəsinə daxil edilməsini müdafiə edir.
"Arqonavtlar" 28 sentyabr 2019-cu il tarixində, saat 18:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ifa ediləcək. Bu inklüziv şou bu ilki şeir, incəsənət və mənəviyyata həsr olunan Nəsimi Festivalının tərkib hissəsinə daxildir. Tamaşadan sonra "Candoco" rəqs ansamblı iki 30 dəqiqəlik performans ifa edəcək: "Üz-üzə" (Face In) və "İkimiz də bilirik" (You and I Know). "Arqonavtlar"ın Bakıda səhnələşdirilməsi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə mümkün olub.
Tamaşada qonaq qismində də Böyük Britaniya və Şimali İrlandiyanın ölkəmizə yeni təyin olunmuş səfiri cənab Ceyms Şarp iştirak edəcək.
Daha ətraflı məlumat: https://bit.ly/2OZWYP1
KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik dəvətnamə almaq və saat 18:00-da qısa media-brifinqinə qoşulmaq üçün bizimlə əlaqə saxlayın. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru cənab Samr Şah bildirib: "Biz "Arqonavtlar"ı və "Candoco" rəqs ansamblını incəsənət və əlillik sahəsində həyata keçirilən "Unlimited" proqramının yekun performansının keçirilməsi üçün Bakıda böyük məmnuniyyətlə salamlayırıq. Biz son dörd il ərzində 100-dən çox əlilliyi olan aktyor və mədəniyyət liderinin fəaliyyətini dəstəkləmiş, Birləşmiş Krallığın mədəniyyət resurslarından istifadə edərək incəsənət sahəsində inklüzivliyi təşviq etmiş, Azərbaycanın aparıcı incəsənət və mədəniyyət obyektlərinin əlillər üçün daha müyəssər olması üçün onlarla əməkdaşlıq etmiş və ictimaiyyətin əlillik haqqında düşüncəsini dəyişməyə və daha inklüziv cəmiyyət yaratmağa öz töhfəmizi vermişik."
"Arqonavtlar" tamaşası əlilliyi olan və olmayan on peşəkar və həvəskar rəqqasın bir araya gələrək necə vahid orqanizm kimi çıxış etməsini nümayiş etdirir. Peşəkar performans 2019-cu ilin iyun ayından sentyabrına kimi sənətkarların Kiyevdə yaşadığı müddətdə cəmi 20 günə hazırlanıb.
"Arqonavtlar" Lost Dog müasir rəqs və teatr şirkətinin bədii rəhbəri Ben Dyukun əsəridir. O, bu ifanın üzərində "Candoco" rəqs ansamblının aktyorları Velli O’Brayen və Cemayma Hoadli və prodüser Elli Duqlas-Allanla birlikdə işləyib. 20 dəqiqəlik ifa "hekayətləri təkrar-təkrar söyləyərək fərdi və kollektiv mənsubluq hissimizi necə yaşadığımıza bir nəzər salır. Bu, mifik və adi ssenarilərdən bəhs edən, onların bir-birinə düşündüyümüzdən daha yaxın olmasını anladan bir sənət əsəridir." (Ben Dyuk, Bədii rəhbər, Lost Dog).
Daha ətraflı məlumat üçün nəzər salın:
https://www.britishcouncil.az/programmes/arts/unlimited
British Council Azərbaycan bütün əsas tərəfdaşları, o cümlədən Nəsimi Festivalı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyinə dərin təşəkkürlərini bildirir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Milli Paralimpiya Komitəsi, "Buta Palace" və Su İdmanı sarayına göstərdikləri dəstəyə görə xüsusi olaraq minnətdarıq.