Bu strateji forum "British Council"ın Azərbaycanda həyata keçirilən yeni "Məşğulluq üçün Ali Təhsil" proqramının başlanğıcını qeyd edir və Azərbaycan Respublikasının Təhsil Nazirliyindən olan əsas məsul şəxsləri, habelə Birləşmiş Krallıqdan olan praktik fəaliyyətlə məşğul olan aparıcı mütəxəssisləri, universitetlərin nümayəndələrini və tədqiqatçıları bir araya gətirir.
Forumun məqsədi ali təhsil müəssisələrinin məzunların işə düzəlmə bacarıqlarını inkişaf etdirmək, onları yerli və qlobal səviyyədə daha rəqabətədavamlı etmək imkanlarını necə artıra biləcəyimizi araşdırmaqdan ibarətdir. Bundan başqa, British Council Birləşmiş Krallıq və Azərbaycandan olan tərəfdaşları ilə birlikdə ali təhsil müəssisələrinin məzunlarının əldə etdiyi nəticələrin siyasət, sistem və resurslara xüsusi diqqət göstərilməsi ilə monitorinqinin həyata keçirilməsi ilə əlaqədar təcrübələri paylaşmaq və problemləri müzakirə etmək üçün platforma yaratmaq niyyətindədir.
Forum Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və uzunmüddətli dövrdə Azərbaycanın iqtisadi inkişafına töhfə vermək üçün gözəl imkandır. Fəaliyyətimiz bu iki ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir.
Forum 31 oktyabr 2019-cu il tarixində saat 09:30-da Hilton Baku otelində (Sevda zalı) baş tutacaq. Forumda təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab Ceyms Şarp iştirak edəcək. Strateji forumun proqramına burada nəzər sala bilərsiniz.
Daha ətraflı məlumat: https://bit.ly/32MoQbV
KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik saat 09:00-da qısa media-brifinqinə qoşulasınız. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru cənab Samr Şah bildirib: "Mən "British Council"ın yeni "Məşğulluq imkanları üçün Ali Təhsil" proqramı ilə əlaqədar olaraq Bakıda məzunların əldə etdikləri nəticələrə həsr edilmiş bu ilk strateji foruma ev sahibliyi etməkdən qürur duyuram. Bu forum yeni ali təhsil proqramımızın gələcək nəsil məzunların mənafeyi naminə Azərbaycandakı mövcud ali təhsil mühitində əlverişli mövqe qazanmasına kömək edəcək."
British Council "Məşğulluq üçün Ali Təhsil" proqramının köməyi ilə uzunmüddətli tərəfdaşlıqlar qurmaq, real dəyişikliklərə nail olmaq və insanların bilik və bacarıqlarının artmasına və qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyir. Yerli bazarda vəziyyəti yaxşı bilməyimiz, habelə çox sayda beynəlxalq təhsil sistemi ilə tanış olmağımız məzunların işədüzəlmə imkanlarını artırmaq məqsədilə insanları təcrübələrini və qabaqcıl praktikaları paylaşmaq üçün bir araya gətirməyimizə imkan verir. Fəaliyyətimiz yeddi ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir.
Əlavə məlumat əldə etmək üçün Nərgiz Hüseynova, İngilis Dili və Təhsil üzrə Menecerimiz, ilə əlaqə saxlayın: nargiz.huseynova@britishcouncil.az
Təşkilatımız üç əsas fəaliyyət istiqaməti üzrə çalışır:
- Ali təhsildə ingilis dili: Biz ali təhsil müəssisələrində ingilis dili tədrisini və ingilis dilinin tədris vasitəsi kimi istifadə edilməsini inkişaf etdirmək arzusundayıq. Məqsədimiz daha çox məzunun beynəlxalq əmək bazarına çıxmasına və elmi araşdırmalar sahəsində daha yaxşı beynəlxalq əməkdaşlıqlar yaratmasına nail olmaqdır.
- Tədrisdə keyfiyyət: Biz ali təhsildə təlim və tədrisin keyfiyyətini artırmaq istəyirik. Standartların təyin edilməsi və dəstəklənməsi üçün keyfiyyətin təminatı çox vacibdir. Biz tədris standartlarını qaldırmaq, strategiyalar hazırlamaq və qabaqcıl təcrübə mərkəzləri qurmaq üçün müəssisələrlə çalışacağıq.
- Məzunların işə düzəlməsi: Geniş kütlələrin ali təhsilə çıxışa sahib olması labüd şəkildə işsizliyin səviyyəsinin aşağıya düşməsinə səbəb olmur. Biz tələbələrin əmək bazarına müvafiq bacarıqlar dəsti ilə daxil olmasını və XXI əsr cəmiyyətinin tələblərinə cavab verməsini təmin etməliyik.
British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək – imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.
www.britishcouncil.az