Cümə 15 November 2019

Bizim fəaliyyətimiz müxtəlif mədəniyyətləri bir araya gətirən mənalı, davamlı və hörmətli münasibətlərin qurulmasına əsaslanır. Biz bunu bərabərlik, inklüzivlik və fərqlilik prinsiplərinə dərin sadiqlik hissi olmadan həyata keçirə bilmərik. Məhz bu səbəbdən, hər il bir həftəni işçilərimiz, proqram iştirakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızın fərqliliyini qeyd etməyə həsr edirik. Biz 2019-cu ilin 18-22 noyabr tarixlərində işçilərimiz, tərəfdaşlarımız və geniş ictimaiyyətin iştirak etməsi üçün bir sıra inklüziv və təhsil xarakterli tədbirlər təşkil edirik. Ümid edirik, müxtəlifliyin dəyərini qeyd etmək üçün bizə qoşulacaqsınız.

18 noyabr tarixində Birləşmiş Krallıqdan olan, vizual incəsənət və ifa sənəti sahəsində təcrübəyə malik olantəlimçi və konsultant Barbara Lisiçki tərəfindən hazırlanmış "Əlillik Bərabərliyi və İnklüziv təcrübə” adlı təlim keçiriləcək. Barbara əlilliyi olan insanların iştirakı ilə şouların təşkil edilməsini incəsənət, mədəniyyət, təhsil və dövlət sektorlarında Əlilliyi olan İnsanların Bərabərliyi mövzusunda təlimlərin keçirilməsi ilə bir araya gətirən "The Entertrainers Limited" şirkətinin təsisçisi və direktorudur. Seminar saat 10:00-dan 16:00-dək "Holiday Inn Hotel"də (Moskva zalı) baş tutacaq.

Noyabrın 19-da Doktor Pol Qibbs də Barbara Lisiçkinin təliminə qoşularaq "Qlobal Müxtəlifliyin İdarəedilməsi - Buna dəyərmi?" adlı qısa təqdimatla çıxış edəcək. Doktor Pol Qibbs Birləşmiş Krallığın Midlseks Universitetində ali təhsil sahəsində dərs deyir. Onun maraq göstərdiyi sahələr və nəşr edilmiş məqalələri ali təhsilin marketinqi, xoşbəxtlik, fəlsəfə, peşəkar təcrübələr və vaxt kimi mövzuları əhatə edir. Onun çıxışı saat 10:00-dan 12:00-dək Landmark III Cineclub-da baş tutacaq.

Qonaq-spikerlərin qısa təqdimatlarından sonra Sara Bartonun filmi "Mütilikdən çıxmış həyatlar" (Defiant Lives) təqdim ediləcək. Film dünya haqqında heç vaxt eşitməyən böyük azadlıq carçılarını təqdim edir və Amerika Birləşmiş Ştatları, Britaniya və Avstraliyada əlilliyi olan insanların hüquqlarının müdafiəsi hərəkatının yüksəlişi və zirvəsini göstərir. Həmçinin, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iştirak edəcək. Bununla əlaqədar, KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik, saat 09:30-da qısa media-brifinqinə qoşulasınız.

 

Biz noyabrın 21-də Müxtəliflik Həftəsinin proqramını əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş "Hands Art" platformasının təsisçisi Murad Məmmədovun təqdimatı, inklüziv rəqs təhsili verən rəqs studiyası "Harmony Dance Studio"nun təsisçisi Fərid Mehdiyevin və əlil arabasında rəqs idman növü üzrə çempionluq qazanmış Vüsalə Kərimovanın "Əlil arabasında rəqs" təqdimatı ilə davam edəcəyik. Təqdimatlardan sonra "Harmony Dance studio" qısa rəqs dərsi verəcək. Tədbir saat 16:00-dan 18:00-dək AF Biznes Mərkəzində keçiriləcək.

British Council geniş ictimaiyyəti "Müxtəliflik Həftəsi" çərçivəsində keçirilən bu üç tədbirdə iştirak etməyə dəvət edir. Xahiş edirik, qeydiyyatdan keçmək üçün aşağıdakı linklərə daxil olun:

Azərbaycandakı "British Council"in ölkə üzrə direktoru Samr Şahın sözlərinə görə, “Bizim Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat olaraq məqsədimiz fərqli təcrübələr, bacarıqlar və biliklərə malik olan insanları bir araya gətirən inklüziv proqram və layihələr hazırlamaqdan ibarətdir. Məhz bu səbəbdən, biz hər il bütöv bir həftəni bərabərlik, fərqlilik və inklüzivlik prinsiplərinə sadiqlik hissimizi qeyd etməyə həsr edirik. Bu il keçirdiyimiz tədbirlərdə Birləşmiş Krallıq və Azərbaycandan olan, dünyanı dəyişmək qətiyyətinə malik insanlar bizə qoşularaq ölkələrimizdə fərqliliyin təşviq və qeyd edilməsinə yönəlmiş ideya və fəaliyyətlərini paylaşacaqlar.”

Notes to Editor

Bərabərlik, fərqlilik və inklüzivlik prinsipləri dünyanın müxtəlif yerlərində incəsənət, cəmiyyət, inklüziv təhsil və ya imtahanların keçirilməsi kimi fəaliyyətlərimizin əsas mahiyyətini təşkil edir. Məqsədimiz fərqli təcrübələr və biliklərə malik olan insanları bir araya gətirən inklüziv proqram və layihələr hazırlamaqdan ibarətdir. Ümid edirik, bu, hər kəsin təcrübəsini daha zəngin edəcək və son nəticədə bizi daha inklüziv cəmiyyətə doğru aparacaq.

Biz Birləşmiş Krallığın bərabərlik haqqında qanunvericiliyi ilə müdafiə olunan sahələrə uyğunlaşdırılmış altı fərqli sahəyə diqqət göstəririk:

  • Yaş
  • Əlillik
  • Etnik və ya irqi mənsubiyyət
  • Gender
  • Din və ya inanc
  • Cinsi mənsubiyyət

Qəbul edirik ki, bu sahələr sosial-iqtisadi vəziyyət və coğrafi mövqe kimi digər xüsusiyyətlərlə birlikdə şəxsiyyətimizi formalaşdırır. Biz həmkarlarımızın bərabərlik, fərqlilik və inklüzivlik prinsiplərinə sadiqliyimizin işgüzar, mənəvi/etik və hüquqi əsaslarını başa düşməsinə kömək edirik.

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək – imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.

See also