British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Yarat Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş "Ten" rəqs tamaşasını qürurla təqdim edir.
"British Council"ın "Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir. Bu tamaşa fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.
Ten adlı rəqs tamaşası Yarat Müasir İncəsənət Mərkəzində 12 mart tarixində saat 19:00-da, Nizami Kino Mərkəzində isə 13 mart tarixində saat 19:00-da nümayiş olunacaq.
Xoreoqraf və rejissor kimi fəaliyyət göstərən Mark Smitin bədii rəhbəri olduğu "Deaf Men Dancing" rəqs ansamblı Mark kimi eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqasları bir araya toplayır. Birlikdə onlar unikal, maraqlı və orijinal estetika nümunəsi ərsəyə gətirməklə yanaşı, xoreoqrafiya elementləri və işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarının birləşməsini yaradır.
Eşitmə qabiliyyəti məhdud olan rəqqaslardan ibarət "Deaf Men Dancing" rəqs ansamblı Britaniya işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarını özündə birləşdirir. Ansamblın bədii rəhbəri/xoreoqrafı olan Mark Smit dizayner Rayn Douson Leyt və bəstəkar Şon Çandler ilə əməkdaşlıq şəraitində onların "TEN" adlı yeni rəqs tamaşasını qürurla təqdim edir. Bu rəqs nömrəsi Lorel və Hardi, Flanaqan və Allen, Morkamb və Uays, Ebbott və Kostello, Qilbert və Corc kimi duetlərdən ilhamlanaraq hazırlanıb. Eşitmə qabiliyyəti məhdud olan iki kişi səhnəyə çıxır. Onlar improvizasiya olunmuş kürsü yaradır, "Eşitmə imkanlarının məhdudluğu haqqında məlumatlılıq üçün on ehkam"ı tamaşaçılara Britaniya İşarə Dili, pantomima, fiziki teatr üslubu və rəqslər vasitəsilə çatdırır.
Dəvətnamə əldə etmək üçün bizimlə əlaqə saxlayın. Yerlər məhduddur.