British Council Bakcell MMC və Britaniya Səfriliyi ilə əməkdaşlıqda əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə 19 dekabr 2017-ci il tarixində, Four Seasons otelində konfrans keçirəcək. Konfransın əsas məqsədi biznes müəsssisələrini və işəgötürənləri bir araya gətirərək iş dünyasında əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı ən uğurlu beynəlxalq təcrübə barədə məlumatı bölüşməkdir. Tədbir zamanı təcrübəli ekspert Mark Grey Birləşmiş Krallğın bu sahədə təcrübəsi barədə təqdimatlar keçirəcək.
Qeyd: Tədbir əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı yeni biliklər əldə etmək istəyən biznes nümayəndələri və işəgötürənlər üçün nəzərdə tutulmuşdur!
Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması üzrə Proqram
Bu proqram çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması məqsədilə müxtəlif yönümlü fəaliyyətlər həyata keçiriləcək. British Council proqramdan faydalanmaq üçün məhdud imkanlı gənclər arasında seçim aparacaq. 100 nəfər gənc işlənib hazırlanmış meyarlar əsasında seçiləcək. İştirakçılar sırasında universiteti, orta və ya peşə məktəbini yenicə bitirmiş məzunlar yer alacaq. Onlar İngilis dili, Kompüter bacarıqları və Sosial bacarıqlar ilə bağlı təşkil olunan təlim sessiyalarında iştirak edəcək.
British Council bu sahə üzrə fəaliyyət göstərən qərarverici şəxsləri, işəgötürənlər, biznes şirkətləri, Əmək və Sosial Müdafiə Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri və digər maraqlı tərəfləri bir araya gətirəcək. Proqramda iştirak edən gənclər bir neçə istiqamətlər üzrə bilik və bacarıqlarını artıracaq, bu isə öz növbəsində onların işədüzəlmə imkanlarına müsbət təsir göstərəcək.
Proqram vasitəsilə işəgötürənlərin diqqəti əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı məsələlərə cəlb ediləcək və bu istiqamətdə məlumatlılığın və iş imkanlarının artırılması məqsədilə zəruri addımlar atılacaq. Bu proqram BP Azərbaycan şirkəti tərəfindən dəstəklənir.
British Council bakcell şirkəti ilə proqramın əlavə komponentlərinin həyata keçirilməsi üzrə əməkdaşlıq edir. Bu komponentlərə layihəyə cəlb olunan təlimçilər üçün SEN (Special Education Needs) təlimləri, həmçinin biznesləri bir araya gətirəcək və aidiyyatı sahə üzrə dünya təcrübəsini təqdim edəcək konfrans daxildir.
Əlilliyi olan şəxslərin işəgötürülməsi barədə ətraflı məlumat və yeni biliklər əldə etmək istəyən biznes nümayəndələrini və işəgötürənləri 19 dekabr, 2017-ci il tarixində keçiriləcək konfransda iştirak etməyə dəvət edirik.
İştirak etmək istəyən şəxslər ərizə formasını tamamlayaraq 18 dekabr 2017-ci il, saat 13:00-dək Nigar Nəsrullayevaya e-mail vasitəsilə göndərə bilərlər.