British Council və “ADA” Universiteti Təhsil Nazirliyinin əməkdaşlığı ilə 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadası elan edir.
Olimpiadanın birinci mərhələsi bu ilin 10 mart tarixində “ADA” Universitetinin tərəfdaş məktəbi olan 132-134 № Təhsil Kompleksində keçirləcək. Bu mərhələdə iştirakçılardan ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair British Council tərəfindən tərtib olunmuş 50 yazılı sualı cavablandırmaq gözlənilir. “ADA” Universitetində keçiriləcək ikinci mərhələyə uğurla keçənlər 7 aprel tarixində yazı və dinləmə qabiliyyətindən imtahan verəcəklər. Qaliblər British Council və “ADA” Universitetinin nümayəndələrindən ibarət olan komitə tərəfindən seçiləcək.
1-ci yerin qalibi British Council tərəfindən təşkil olunan Böyük Britaniyada yerləşən “Lewis School of English” məktəbində iki həftəlik ingilis dili kursunda ödənişsiz iştirak imkanı qazanacaq.
Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadasında iştirak etmək istəyənlər www.olympiad.ada.edu.az səhifəsində elektron şəkildə qeydiyyatdan keçə bilərlər.